Novruz Nəcəfoğlu - 70: Ədəbiyyata həsr olunan ömür - PƏRVİN

PƏRVİN

Tanınmış söz adamı Novruz Nəcəfoğlunun 70 yaşı tamam olur. İllərlə dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən dəyərli ziyalımız həm də qeyri-adi bir ədəbiyyat adamı, orijinal yazıçıdır. Qələmə də hər zaman xidmət edən yazıçının ömrünün böyük hissəsi, bioqrafiyası əsərlərində də öz əksini tapıb. Bu mənada, Novruz müəllimin əsərləri onun özü ilə söhbət qədər doğma gəlir adama. Seçdiyi qəhrəmanların koloriti, təbiiliyi oxucunu o qədər inandırır ki, bu adamları hər gün, hər yerdə gördüyünə, onlarla eyni mühiti bölüşdüyünə şübhə qalmır.

Yazıçının "Bir qış gününün xatirəsi", "Yollar uzanan gün", "Keçən cavan çağım ola...", "Atüstü bir nağıl", "Bir mən oyaqdım", "Nağıl adam", "Yuxuya gedib gecə" kitabları bu cür qəhrəmanlarla zəngindir və bu əsərləri oxumaqla onların saf dünyasına dalmaq fürsəti yaranır. Müəlifin şeirləri "İçimdə bir ocaq var", oçerkləri isə, "Unudulmazlıq haqqı" kitabında toplanıb. Yazıçının ədəbi yaradıcılığı ilə bağlı ardıcıl məlumatı ona həsr edilmiş "Yurd yaddaşı" (tərtibçi: Aydın Tağıyev) kitabından öyrənmək olar.

Həmçinin yazıçının xarici ölkələrə səfər təəssüratları ilə bağlı qələmə aldığı  "Dünya duracaq yer deyil", "Sinqapur - Böyük dünya şəhəri, iddialı ölkə", "Gördüyüm və eşitdiyim Yaponiya" kitabları çağdaş səfərnamələr kimi qiymətləndirilir.

Uşaqlar üçün yazdığı "Nəcəflə üz-üzə", "Ən böyük adam", "Tufan" və ingilis dilində "Tural, Humay and Nicat" kitablarından balalara xitabını, onların dünyasına qatmaq istədiyi təməl dəyərləri duymaq, görmək mümkündür.

Novruz müəllim qardaş Türkiyədə də tanınan qələm adamıdır. Onun  "Çarəsiz yolçu", "Bəmbəyaz keçiddə", "Qaranlıq gecənin səsləri" əsərləri Türkiyə türkcəsində (İmdat Avşarın tərcüməsində) çap edilib. Bu əsərlər Türkiyənin Təhsil Nazirliyi tərəfindən məktəblərdə tədris olunmaq üçün əsərlər siyahısına salınıb, kitabxanalar üçün satın alınıb. 

Bir neçə il öncə Novruz müəllimin "Yuxuya gedib gecə"  kitabı "Çağdaş nəsrin ustaları" seriyasından - "XAN" işıq üzü gördü. Türkiyəli yazıçı-tərcüməçi İmdat Avşar əsəri qısa müddətdə Türkiyə türkcəsinə də çevirdi və artıq qeyd etdiyim kimi, kitab qardaş ölkədə nəşr olunub böyük maraqla qarşılandı. Həmin əsərin ilk oxucusu olmağın məmnunluğu içərisində kitaba Ön söz yazmışdım. Bu gün ədəbi mühitdə hər kəsin böyük rəğbət və hörmətlə yanaşdığı, yüksək həssaslığı, qələm adamlarına qayğıkeş münasibətilə seçilən Novruz müəllimi yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona uzun ömür, cansağlığı yeni-yeni yaradıcılıq uğurları diləyirəm. "Yuxuya gedib gecə" kitabına yazdığım Ön sözü "Ədəbiyyat qəzeti" oxucularına təqdim edirəm.

Yazıçı-publisist Novruz Nəcəfoğlunun "Yuxuya gedib gecə" povestini oxuyanda ədəbiyyatın və ümumiyyətlə sənətin əbədi-əzəli mövzusu, problemləri haqqında düşünməli olursan. Qəribə adam var - Həbib, onun tənhalığı var və bu yalqızlığı bölüşdüyü gecə var, bir də keçmişin səsləri var. Vəssalam! Həbibin gecədən və gecənin söylədiklərindən savayı, nəyəsə ümidi yoxdur. Tənhalığını bölüşmək üçün kimsəyə üz tutmur, bircə dostunu, yaxınını, qohumunu, əzizini belə axtarmır. Əlac o qırıq-kəsik, xaotik xatirələrin, yada düşən səslərin arasından həqiqəti tapmaq və ona tapınmaqdır. Görünür, maraqlı və qeyri-adi olan da elə budur. Oxucu suallar qarşısında çaşıb qalır: Niyə, nə üçün təkdir Həbib? Nə istəyir, nə axtarır, niyə kimsəsizdir o?

Sualların cavabı ayrı-ayrı bölümlərdə gizlidir, onları açmaq, anlamaq və öz qənaətini çıxarmaq oxucuya qalır...

Mənimsə, qənaətim budur ki, "Yuxuya gedib gecə" Həbibin timsalında ən qədim insandan üzübəri, statusundan, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər bir adamın əndişələrini, narahatlıqlarını ifadə edir. Dünyaya tək gələn insanın tənhalıq qorxusu və bununla mübarizəsi həm qəribədi, həm də gözlənilən. Bu əsərdə isə müəllifin uğuru iki zamanı birləşdirə bilməsidir - keçmiş zamanı və gecə zamanını:

"Elə bil, qəflətən nazikcə işartı sızmışdı bu qatı qaranlığa, xəfif bir hənirti keçmişdi lal sükutun içindən. Görünür, elə sükutun hənirtisi imiş o... Həə, elədir ki, var, deməli, sükutun da hənirtisi olurmuş..."

Yazıçının təsvirindəki "qatı qaranlığa sızan işartı" - işıq Həbibin xatirələrindən gəlir. Və əslində qəhrəman bu səslərin, xatirələrin içərisində  yaşamaq üçün səbəb axtarır...

Ümumiyyətlə, Novruz Nəcəfoğlunun əsərlərinin çoxu, "Yuxuya gedib gecə" daxil, nostaljidən yaranıb, ötən günlərin xiffətini çəkdiyi üçün yazılıb. Maraqlı olan budur ki, insan bu günü, indisi pis, əzablı olduğu üçün qəribsəmir, nostalji keçirmir. Yəni elə Həbib də keçmişinə ona görə can atmır ki, mövcud güzəranı pisdi, çətin, ya daha qəliz həyat yaşayır, yox... İnsan, sadəcə, belə yaranıb, həmişə gözü arxadadı və qarşıdakı günlərindən nagümandı, nəyinsə daha yaxşı olacağına inanmır. Novruz Nəcəfoğlunun əsərlərində qəhrəman keçmişdə yaşananların da xiffətini çəkir, indi, bu gün yaşadığının da qədrini bilir, gələcəyə də ən kiçik bir ümidi var. Sanki müəllif hər şeyin əla olacağını bilir, ya da buna inandırır özünü. Amma bununla belə yenə sıxılır, ütülü, şablon adamları gördükcə keçmişdəki, kənddəki o qəribə adamlar üçün darıxır, məsələn, sadəcə, qan almaqla min dərdə əlac edən acıdil Gülxar arvadın xiffətini çəkir. Və oturub yazır. Elə ona görə də "Yuxuya gedib gecə" müəllifin öz ovqatının, ağrılarının, əndişələrinin ifadəsi kimi oxunur...

Artıq qeyd etdiyim kimi, povestdə tənhalığın qəribə bir forması özünü göstərir. Axı gecə də tənhaların qənimidir. Həbib "səbəbsiz-filansız" tənhadı. Gecə yaddaşından gələn səslərin, "hay"ların, "huy"ların sədasına oyanır və olub-keçənləri yadına salır. Bu olub-keçənlər, bəlkə də ayrı-ayrı əsərlərin mövzusudur, amma Həbibin xatirələri, düşüncələri kimi maraqlı bir şəkildə eyni ideya altında birləşə bilib. Bu mənada, hər bölüm həm ayrıca bir hekayə kimi, həm də bütöv povestin tərkibi kimi qavranır. Məsələn, "Qoytuləli körpüsü" bölümü, ilk baxışdan, Həbibin ovqatına uyğun deyil bəlkə. Amma Qoytuləlinin başına gələn hadisənin özü nə qədər düşündürücüdür. Fəlsəfə isə bundan ibarətdir ki, xoşbəxtlik, yaxud insanın axtardığı elə öz yanında, yaxınındadı, sadəcə, bunu görmək, ona çatmaq üçün əziyyət çəkməli, uzaqdan fırlanıb-dolanıb gəlməlisən. Yazıçı bu bəşəri, əbədi ideyanı, mövzunu o qədər orijinal şəkildə yazıb ki, son dərəcə təsirli alınıb. Həm də əhvalatı Həbibin ovqatının ifadəsi kimi təqdim edə bilib.

Novruz müəllimin istər nəsr əsərlərində, istərsə də şeirlərində insanın təbiətlə vəhdəti ön plandadır. Povestin "Səməndər"lə görüş" bölümü bu mənada xarakterikdir... Həbib dostu, həmdəmi olan atını, "Səməndər"i yadına salır, bundan təsəlli tapır. Həm də "Səməndər" bu anlarda ona insanlardan daha doğma, daha yaxındı, onun duyğularını, yaşadıqlarını daha yaxşı duyur, anlayır. Bu məqamda Çexovun "Qüssə" hekayəsi yada düşür. Cavan oğlunu itirən faytonçu dərdini bölüşməyə adam tapmır, hər ağız açdığı adam onu dinləməkdən, dərdinə şərik olmaqdan boyun qaçırır. Çarəsiz qalan faytonçu tövləyə girib ata danışır dərdini. Burda isə Həbib dostunu - "Səməndər"i dərdli olduğu, danışmağa adam tapmadığı üçün yox, sadəcə, qəlbində, düşüncəsində atın özəl yeri olduğuna görə axtarır... Həbiblə "Səməndər"in dialoqu, atın səssiz reaksiyalarının sözə çevrilməsi mətnin enerjisini dəyişir.

Yer üzündə ən şirin nemət yuxu imiş, sən demə... Bunu elm sübut edib, eksperimentlər də təsdiqləyib. Hətta, yuxusuzluq cəza kimi istifadə edilirmiş, İkinci Dünya müharibəsi vaxtı nasistlər yatmaq qadağası ilə işgəncə verirmişlər  əsirlərə. Bu mənada, yazıçının Həbibin əndişələrini hər şeydən əvvəl yuxusuzluqla bağlaması dəqiqdir:    

"Başını atıb mışıl-mışıl yatdığı, yuxusunda da şirin, bal qoxuyan röyalar gördüyü zamanları yadına saldı. İnsan bir ömür boyu nə qədər yuxu görə bilər? Hansı yuxular yadda daha çox qalır, qorxulu-acılımı, yoxsa, yatılı halda da adamın üzünü güldürən şirin yuxular? İndi yuxusuzluğun zəhərli tikan kimi gözlərinə sancıldığı bu halında bir vaxt gördüyü, hələ də xatırladığı yuxuların hamısı, hətta ən acısı da şirin gəlirdi, bal dadırdı onun üçün".

Ümumiyyətlə, ədəbiyyatda yuxu mövzusu çoxqatlıdır. Adi həyatda o qədər önəm verilməyən, bəzən sadəcə, inanc kimi qəbul edilən yuxular sənətdə mühüm və hətta həlledici olur. Dünya ədəbiyyatından da, bizim ədəbiyyatdan da çoxlu əsər adı çəkmək olar ki, hansısa düyünlər qəhrəmanın yuxusunda açılır, yaxud bir çox sualların cavabı məhz yuxuda tapılır. Novruz Nəcəfoğlu yaradıcılığında da yuxu qəhrəmanların narahatlığının, nigaranlığının ifadəsidir. Elə "Yuxuya gedib gecə" povestində də Həbibin gecələri əzablıdı, hər dəfə hansısa səsə oyanır və mücərrəd suallarına cavab tapmaq istəyir, beləliklə, bu metodla əsərin növbəti bölümü yazılır. Amma bununla bərabər bütün danışılan hadisələrin yuxuda görülməsi variantı da ağıla gəlir. Yəni Həbibin xatirələri elə yuxu kimidi. Bu mənada, yazıçının başqa əsərləri ilə də assosiasiya yaranır. Misal üçün, "Bəmbəyaz keçiddə" hekayəsinin qəhrəmanının düşüncələri, başına gələnlər yuxuya bənzəyir. Yuxu estetikasından istifadə edilmiş "Hikkə" hekayəsində də oxşar ovqatı görmək olur. Və deməliyəm ki, bu cür yarıoyaq, yarıyuxulu vəziyyəti yazmaq sadə deyil. Yazıçı hadisələri koloritli dillə, axıcı üslubda yazmaqla yanaşı, həm də gecə əhval-ruhiyyəsini, qəhrəmanının vahiməsini göstərməyə müvəffəq olub. Amma bu vahimə ölüm sevdası yaradan, həyatdan əlini üzməyə sövq edən dəhşətli bir nəsnə deyil. Əksinə, insanı düşündürən, duruldan, özünə qaytaran vacib bir duyğudur:   

"Hop-hop" quşu da, sən kədərə bürünsən, gəlib yanında oxuyar, dərdinə ortaq olub səninlə birlikdə çırpınar. Qanadlarının səsini eşidərsən, nəğməsi ilə ürəyini riqqətə gətirər, göz yaşlarını silər incə lələklərilə. Ovudar, kiridər, ümidləndirər səni. Əzab-iztirab, ayrılıq, unutmaq, unudulmaq qorxusu bahasına başa gəlsə belə, onu tez-tez dinləmək keçər ürəyindən. Başqa cür mümkün olmaz "Hop-hop" quşunu duyub dinləmək".

Beləliklə, yazıçı deyir ki, xoşbəxtlik nəğməsini, "Hop-hop"un səsini eşitməkdən ötrü mütləq əzabı, ayrılığı, qorxunu keçirməlisən içindən və bu ideya ilə sufi ovqatı ifadə etmiş olur... Və mənə görə povestin əsas üstünlüyü bölümdən-bölümə müxtəlif səslərin vasitəsilə bu halı göstərməsi və insan ömrünün mərhələlərini göz önünə gətirməsidir. Burda bütün səslər var sanki... Quş səsi, bulaq səsi, təbiət səsi, çağa qışqırığı, arvadların vay-şivəni, kişi harayı, at kişnərtisi... Və Qadın sükutu! Hə, məhz bu məqamda Həbibin xatirələri tamamlanır! Qadınsız olmazdı... Yazıçı deyir ki:

"...Onda ürəyimin bütöv vaxtları idi... O vaxtlar ürəyimi kiməsə rahat aça bilərdim, nəinki indi, cərrah bıçağına çatınca, yetişmiş nar kimi çat-çat olandan sonra..."

"Ürəyinin bütöv vaxtlarında" bir Qadına aşiq olan, sükutunu belə onunla bölüşən Həbibin əsərin sonuna doğru məhz bu sevgini, heyranlığı, o mübhəm duyğuları xatırlaması təsadüf deyil...

"Birgə olanda daha çox sükutla danışardıq. Sözlərsiz də söhbət etməyin üsulları vardı aramızda. Baxışlarla birgə ruhun təzadlı eyniləşmək istəyi də danışar, vücudumuzdakı yanğının elə-belə söndürülməsinin mümkün olmayacağını düşünə-düşünə birləşmək ehtiyacı da çıxardı üzə..."

Axı əsərin lap əvvəlindən sükutun səsindən söhbət gedirdi, indi də sükutu bölüşdüyü o Qadını və öz cəsarətsizliyini xatırlaması yerinə düşür. Və sual yaranır: - Görəsən, Həbibin tənhalığının səbəbi elə bu cəsarətsizlik və sevdiyi qadına sahib çıxa bilməməsi deyil ki?..  Suala hər bir oxucunun və bəlkə elə müəllifin də öz cavabı var... Mənə görə isə, məhz bu səsi eşidəndən, əbədi sığınacağı xatırlayandan sonra qəhrəmanın - Həbibin qaranlığa qarışıb itməsi ən dəqiq, düzgün finaldır... Görünür, insan ömrünün də, xatirələrinin də qapandığı bir an, məqam, mənəvi, ruhi kamillik mərtəbəsi var ki, Novruz Nəcəfoğlu qəhrəmanını həmin ucalığa çatdıra bilir...

Novruz Nəcəfoğlunun yaradıcılığında ictimai problemlərin əksi vacib məqamlardan biridir. "Yuxuya gedib gecə"də itirilmiş torpaqların acısı qrafik şəkildə, simvolik olaraq verilirsə, kitaba daxil edilmiş digər əsərdə - "Ağ qayadan atılan güllə" hekayəsində bu, əsas mövzudur. Və mənə görə ən vacib olan  böyük bəlanın, ağrının, itkinin bir ailənin, bir insanın taleyi vasitəsilə çatdırılmasıdır. Yazıçının "Yollar uzanan gün" və "Ağ qayadan atılan güllə" əsərləri əsasında rejissor Ceyhun Şüküroğlunun çəkdiyi film də bu mənada təsirlidir. Bir insanın, yoldaşını itirmiş, balalarını başına yığıb ömrünü sürən tənha bir kişinin, qızının toyuna hazırlaşan Rəhmanın ağrısı, faciəsi o qədər tanışdır ki... Ataların dediyi -  "Bir gözümüz ağlayanda o biri gülür" ifadəsi təsadüfi deyil. Bütün həyat budur və  oğlunu itirən Rəhman kişinin bunu ailəsindən gizli saxlaması,  qızının xeyir işini təxirə salmaması bunu göstərir... Müəllif bayağılaşan zəmanə, insanların yadlaşması, bir-birini duymaması və bütün bu dəyişən dünyanın içində köhnənin adamı olan Rəhmanın yalqızlığını  göstərir.  Bəlkə elə bu yalqızlıq da onu Həbiblə doğmalaşdırır, yaxınlaşdırır, eyni ərazinin, yaxud elə birbaşa desək, Novruz Nəcəfoğlu kitablarının qəhrəmanına çevirir.

"Ağ qayadan atılan güllə"nin ötürdüyü mesaj odur ki, müharibə bitsə də, o ağrılar keçməyib. Və Qarabağ qayıtmasa, keçməyəcək də. Elə Rəhman kişinin evinin açarlarını qoruyub saxlaması, oğluna açarları verib: "Bəlkə evimizə yolun düşə" - deməsi də ümidlə qarışıq gözləntinin göstəricisidir.  Yəni insan itkilərdən sınmır, məhv olmur, əksinə, bir Səməndər quşu kimi yenidən doğulur... Və bu əsərlərin müəllifi də gizlində ağlamağa yox, açıqda mübarizə aparmağa, sağ qalmağa, yaşamağa çağırır!

P.S. Ön sözü 44 günlük Zəfər savaşımızdan öncə yazmışdım. Qəribədir ki, "Ağ qayadan atılan güllə" əsərinin ideyası da, yozumu da özünü doğrultdu. 44 gün içərisində torpağı düşmən tapdağından azad edən oğullar həm də bu cür əsərlərin yetişdirdiyi nəslin nümayəndələridir. Açarlarını, evlərinin sənədlərini qoruyub saxlayan insanların həsrətinə son qoyuldu, Qarabağ zəfəri ədalətin ən təntənəli qələbəsi oldu. Bu mənada, elə Novruz müəllimin də əsərləri yeni gözlə, qalib ovqatı ilə oxunur. Heç şübhəsiz, yazıçının yaradıcılığında qələbəmizə həsr olunan əsərlər də yer alacaq!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!