İsi Məlikzadə - 90: Qəribə adam - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

 

"Xalq birləşəndə, yazıçı təklənəndə güclü olur"

Seyran Səxavət

Yaşasaydı, indi - 1 may 2024-cü ildə 90 yaşı olacaqdı. O, nəinki 90, heç 70, 80 il də yaşamadı. Heç bir rəyi soruşulmadan gəldiyi bu fani dünyadan 12 may 1995-ci ildə də getdi. Cəmisi 61 yaş. Onlarla povest, hekayə, bədii film ssenarisi yazmış yazıçı üçün bu nə yaşdı ki?! Ya zəlzələdən, ya da vəlvələdən - hansısa xəstəlikdən dünyasını tez dəyişdi İsi Məlikzadə. Onun adının önünə əksəriyyətin xoşladığı (və tələb etdiyi!) "Görkəmli yazıçı" sözünü qəsdən yazmıram. Çünki İsi bir dəfə məndən soruşdu: "Axı bu "görkəmli" sözü yazıçıya nə verir? Mənim belə şeylərdən ağıcım gəlir. "Mən ona belə cavab verdim: "Nə "görkəmli", nə "böyük" deyimi həmin yazıçıya ucuz, müvəqqəti şöhrətdən savayı heç nə vermir".

30 ildi İsi haqq dünyasına qovuşub. Mən indi də bu fikirdəyəm ki, əsl yazıçı və şair, həqiqi alim həyatda da, elmdə və yaradıcılıqda da əbədini ötəridən ayırmağa bacarandır.

Obrazlı desəm, məni ədəbiyyata, ədəbi tənqidə gətirən İsi Məlikzadə olub. "Sən kimsən, müasirim?" adlı ilk məqaləmi 1978-ci ildə İ.Məlikzadənin "Küçələrə su səpmişəm" (1977) kitabı barəsində yazmışam (Bax: "Azərbaycan" j., 1978. N-12) Bu, mənim yazıçı ilə ilk onlayn tanışlığım olub. Bu kitaba daxil olan dörd povesti oxudum, bəyəndim, sevdim və yazdım...

İsi Məlikzadə, qeyd etdiyim kimi, 1934-cü il may ayının 1-də Ağcabədidə anadan olub. Orta məktəbi bitirib, 1952-1957-ci illərdə Neft və Kimya İnstitutunda neft mühəndisi ixtisası üzrə təhsil alıb. Mədəndə operator, yerüstü avadanlıq ustası, Kommunal Təsərrüfat Nazirliyində böyük mühəndis, şöbə rəisinin müavini kimi işlərdə çalışıb.

1961-66-cı illərdə "Ulduz" jurnalında publisistika şöbəsinin müdüri, 1966-73-cü illərdə məsul katib, Azərnəşrdə redaktor, 1974-1976-cı illərdə Azərbaycanfilm Kinostudiyasında müxtəlif vəzifələrdə işləyib. 1976-80-ci illərdə "Azərbaycan"ın nəsr şöbəsinə, "Ulduz" jurnalının nəsr şöbəsinə (1980-81) rəhbərlik edib, "Mozalan" satirik jurnalının böyük redaktoru olub (1981-83). Sonra iki il Kinostudiyada baş redaktor kimi məsul işdə çalışıb.

1968-ci ildən AYB-nin üzvü olub. Bu məlumatlara ona görə qeyd edirəm ki, kitab oxumayan, ancaq planşet işlədən, ədəbiyyatdan bixəbər gənclik istedadlı yazıçı, səmimi, zəhmətkeş ziyalı İsi Məlikzadəni tanısın. Bəli, o mühəndis idi. A.P.Çexov həkim, dünya şöhrətli türk yazıçısı Ç.Aytmatov ixtisasca zootexnik olduğu kimi.

İsi Məlikzadənin "Həsrətin sonu" (1964) "Kövrək qanadlar" (1973), "Özgə anası" (1969), "Küçələrə su səpmişəm", "Yaşıl gecə", "Günəşli payız" (1982), "Dədə palıd" (1984), "Gümüşgöl əfsanəsi" (1987), "Şehli çəmənlərin işığı" (1991), "Dolaşaların bayramı" (1992) və s. nəsr kitabları çap olunub.

İ.Məlikzadənin kino sənəti sahəsində xidmətləri də böyükdür. O, "Alma almaya bənzər", "Ağ atlı oğlan", "Güllələnmə təxirə salınır", "Gümüşgöl əfsanəsi", "Hacıqara", "Kişi sözü", "Qanlı gəmi" kimi filmlərin ssenari müəllifi və yaxud redaktorudur. Onun "Qatarda" (1981) teletamaşası izləyicilərin dərin rəğbətini qazanıb. İsi Məlikzadə bütün Sovet İttifaqı ədəbiyyatında yeni mərhələ olan "60-cıların" Azərbaycandakı istedadlı nümayəndəsi idi. O, povest və hekayələrində insan münasibətlərinin dərinliyinə enməyi, İnsana bəşəri fəzadan nəzər salmağı bacarırdı. Onlar, nəsrdə 60-cılar böyük və güclü bir pleyada idi; İsa Hüseynov, Sabir Əhmədli, Anar, Ə.Əylisli, Elçin, Sabir Azəri və İsi Məlikzadə. Bu pleyada XX əsrin ikinci yarısından başlayaraq ədəbiyyatda mücərrəd ictimai borc amilini konkret İnsan amili ilə əvəz etdilər. Y.Qaqarin kosmosu fəth edəndə yazıçılar da İnsanın ucalığını fəth etdilər. Onlar tək deyildi. Ümumittifaq ədəbiyyatında Azərbaycan 60-cılarının Y.Trifonov, Ç.Aytmatov, V.Belov... kimi dünya şöhrətli həmkarları var idi. İ.Məlikzadə poeziyasında R.Rza, S.Vurğun, M.Araz, Ə.Kərim, F.Qoca H.Arif, N.Həsənzadə, N.Xəzri, F.Sadıq və R.Rövşən olan bir ədəbi prosesin "boy çiçəyi" (İ.Əfəndiyev) idi. O iki darısqal otaqda təvəzökar, kasıb bir ömür sürdü. Fəqət, bu mütəvazi insanın yaradıcılıq üfüqləri çox geniş idi. Bir daha qeyd edirəm: O, insan münasibətlərinin ən mübhəm qatlarına nəzər sala bildi. Zahirən "Mədəni", "İşgüzar", "Ləyaqətli" görsənən məmurların canavar xislətinə bədii təxəyyülün gur işığını saldı. Mən onun çoxlu sayda və çox qiymətli povestlərinin - "Küçələrdə su səpmişəm", "Evin kişisi", "Yaşıl gecə, "Günəşli payız", "Dədə palıd", "Gümüşgöl əfsanəsi", "Şehli çəmənlərin işığı" və s. bir-bir təhlil edə bilərəm. Fəqət, mən 30 il bu həyatda olmayan görkəmli yazıçı İsi Məlikzadəni bütöv təqdim etmək istəyirəm. Onun qələmindən nə çıxıbsa hamısı gözəldir, ciddi ədəbiyyat faktıdır. Adlarını sadaladığım əsərlərin gözəlliyi estetik qayənin səmimiyyətindədir. İ.Məlikzadə heç vaxt özünə, millətinə və dövlətinə xəyanət etməyən ən səmimi Azərbaycan yazıçısıdır.

Biz onu unutsaq, unudularıq. Nə İsinin ruhu, nə də gələcək nəsillər bizi bağışlamaz. İ.Məlikzadə Qarabağın canlı timsalıydı, onun özüydü. Qarabağı azad etdik, indi də İsi Məlikzadələrin, Qarabağın azadlığı həsrəti ilə dünyadan köçənlərin nigaran ruhlarını sayğıyla yad etməliyik. Bu isə Ali Baş Komandanın yox, biz ziyalıların mənəvi borcudur...

Mənim İsi ilə əyani tanışlığım 1987-ci ildə baş tutub.

1986-cı ildə Sov.İKP MK-nın gənclərlə iş haqqında qərarının 10 illiyi nünasibətilə Moskvada SSRİ Yazıçılar İttifaqında müşavirə keçirilirdi. Bütün respublikalardan gənc tənqidçi və yazıçılar oraya dəvət olunmuşdu. AYB-nin təklifi ilə Azərbaycandan mən getmişdim və orada çağdaş Azərbaycan ədəbiyyatı haqqında məruzə etdim. Mənim həyatımda müsbət rol oynayan bu olay uzun əhvalatdı. Gənclər üzrə SSRİ Yazıçılar İttifaqının yeni katibi Skvortsov məni G.Markovun birinci müavini Y.Verçenko ilə tanış etdi. 11 ilə 5 nəfərdən ibarət ailəmlə özgə qapılarında kirayənişin yaşayan mən Y.Verçenkonun Azərbaycan KP MK-nın birinci katibi K.Bağırova yazdığı təqdimat sayəsində 1990-cı ildə ev ala bildim. Bu zaman bir hadisə də olmuşdu: 1986-cı il iyun ayının 9-da doktorluq dissertasiyam müzakirə olunmalı idi. Lakin akademik Kamal Talıbzadədən başqa müzakirəyə işimi oxuyan 10 adamdan heç biri gəlmədi. Məni, necə deyərlər, 32 yaşlı gənc alimi baykot etdilər. Qısası, mən inciyib Moskvaya - Dünya Ədəbiyyat İnstitutuna 3 illik stajirovkaya getdim.

Xəstələnib "Moskva" otelində qalırdım. Bir müddət sonra SSRİ Yazıçılar İttifaqında nəsr müşavirəsi keçirilirdi.

Bu müşavirəyə S.Əhmədov, S.Azəri, V.Quliyev, A.Məmmədov, mən və İsi Məlikzadə qatılmışdı. Mənim "Moskva" hotelindəki otağım axşamlar Azərbaycan ədəbiyyatı mərkəzinə çevrilmişdi. Hamımız İ.Məlikzadənin məzəli əhvalatlarına aludə olmuşduq. İsi özü gülmürdü, ciddi və sərt görkəm alıb elə şeylər (xüsusilə, yazıçıların həyatından!) danışırdı ki, necə deyərlər, gülməkdən ölürdük. Mən onda gördüm ki, o, qəribə adamdır. Gənc yaşlarımda teatrda Məmmədrza Şeyx Zamanovdan eşitdiyim bir söz yadıma düşmüşdü: o danışırdı ki, görkəmli komik aktyor Mirzağa Əliyev gənc aktyorlara deyərdi ki, nə badə, nə badə, tamaşaçıları güldürməyə çalışasınz. Siz rolunuzu dəqiq oynayın, şərait yarananda tamaşaçı özü güləcək.

Fikirləşirəm ki, İsi Məlikzadə yazıçı olmasaydı çox qüdrətli komik aktyor olardı, fəqət, o, qüdrətli yazıçı oldu. İ.Məlikzadənin Moskvada mənə xəlvəti danışdıqlarını (olmuş əhvalatları!) burada yaza bilmərəm. Nəticəsi olaraq onu deyim ki, İsi bu dünyaya ironiya ilə baxırdı və mənə, ondan 20 yaş kiçik dostuna tövsiyə edirdi ki, bu cəncəl, dəyişkən dünyaya, onun "insanlarına" inanma, çox da etibar etmə. İndi 70 yaşlı mənim qulaqlarımda İsinin xəlvət dediyi sözlər səslənir.

"Qatarda" teletamaşasındakı Dadaş İsi Məlikzadənin öz obrazıdır: Dadaşov adi bir adam ikən, ona görə hamını aldada bilir ki, o, ilk növbədə sidq ürəklə özünü aldada bilir. Bununla da ətrafdakıların maymaqlığına gülür, onların günahkar olduğunu üzə çıxarır, izləyiciləri də ironik gülüşlə güldürə bilir...

İ.Məlikzadə çox ciddi yazıçı idi. Elə buna görə də onun gülüşü də ciddidir. Onun ölümü də bu etibarsız dünyaya çox ciddi bir ironiya oldu. Yəqin öləndə, son nəfəsdə bilirdi ki, ölməzdir. Yazıçıların, şairlərin, bəstəkarların, rəssamların, ümumən, yaradıcı adamların əsl həyatı ölümündən sonra başlayır. Əsərləri, yaradıcılıqları yaşadıqca onlar yaşayır. Mənim dostum, "Dədə palıd"ım İsi Məlikzadənin bu il 90 yaşı tamam olur. Böyük Səməd Vurğun bu həqiqəti çox yaxşı deyib:

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər.

Həzin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər!

 

Mən çox dəyərli dostlar itirmişəm, fəqət, hamısı xatirələrimdə yaşayır. Yaxşı ki, xatirələr var. Onların içində mən də varam. 70 yaşlı adama bundan artıq nə lazımdır?!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!