Postmodernizm və teatr estetikası: janrdan poetik elementə - Elnarə QARAGÖZOVA

Elnarə QARAGÖZOVA

Tarixi minilliklərlə ölçülən dram janrı müxtəlif mədəniyyətləri və dövrləri əhatə edir. Qədim dramaturgiya öz inkişafına teatrın mədəniyyətin və ictimai həyatın mühüm hissəsi olduğu Qədim Yunanıstanda başlamışdır. Esxil, Sofokl və Evripid kimi məşhur qədim yunan dramaturqları dünya dramaturgiyasının klassiklərinə çevrilmişlər. Orta əsrlərdə dramaturgiya dəyişikliklərə məruz qalaraq daha çox dini-mənəvi xarakter aldı və dini ayinlərlə əlaqələndirilməyə başladı. Avropada İntibah dövründə Şekspir kimi böyük dramaturqun meydana çıxması dramaturgiyaya yeni baxış gətirdi. Sonrakı əsrlərdə dramaturgiya inkişaf etməkdə davam edərək müxtəlif forma və janrları, o cümlədən, komediya, faciə, dram və musiqili teatrı özündə ehtiva etdi.

Absurd teatrı - XX əsrin ikinci yarısında yaranmış və məntiqi ardıcıllığın olmaması, süjetlərin, dialoqların və personajların absurdluğu ilə səciyyələnən teatr cərəyanıdır. Absurd teatrının əsas nümayəndələri Samuel Bekket, Yevgeni İonesko, Jan Gene və başqalarıdır. Onlar varlığın mənasızlığını və absurdluğunu vurğuladıqları əsərlər yaratmış, varlığın absurd və ümidsizliyini çatdırmaq üçün komik və qrotesk elementlərdən istifadə etmişlər. Absurd teatrının dramaturgiyası teatr sənətində qeyri-adi süjetlərin istifadəsi, məntiqi ardıcıllığın olmaması, dil və forma ilə oyun, eləcə də ənənəvi dramatik konvensiyaların qəti şəkildə rədd edilməsi ilə xarakterizə olunan xüsusi bir janrdır. Bu janrda çox vaxt mənasız dialoqlar, gülünc vəziyyətlər və personajların davranışındakı ziddiyyətlər vasitəsilə ifadə olunan absurd elementi var. Absurd teatrı çox vaxt dünyada mənasızlıq və xaos hissini çatdırmaq, eləcə də tamaşaçını həyatın mənası və insan təbiəti haqqında düşünməyə çağırmaq üçün istifadə olunur.

Postmodernizm və müasir teatrın yaranması ilə dramaturgiya dəyişən sosial-mədəni və bədii cərəyanları əks etdirərək daha eksperimental, daha rəngarəng bir hala gəldi. Postmodern dramaturgiya teatr sənətinin postmodernizm cərəyanının  xüsusiyyətlərini əks etdirən formasıdır. Bura metamətndən istifadə, janr konvensiyaları ilə teatrlaşdırma, xətti süjet strukturunun alt-üst edilməsi, dil və forma təcrübələri və müxtəlif mədəni, tarixi kontekstlərdən istifadə daxildir. Postmodern dramaturgiya klassik tərzdə qurulmuş teatr konvensiyalarını şübhə altına alır və tamaşaçını teatr tamaşası prosesinə  tənqidi yanaşmağa çağırır. Postmodern dram qeyri-adi süjetləri, qeyri-xətti quruluşu, dil və forma oyunu, metamətn vasitələrinin istifadəsi ilə xarakterizə olunan absurd teatrı ilə oxşarlıqlara malikdir. Postmodern dram çox vaxt ənənəvi dəyərlərin məhv edilməsi mövzularını, sənətin və reallığın təbiəti haqqında düşüncələri əks etdirir, tamaşaçının janr gözləntiləri ilə oynayır. Beləliklə, absurd teatr və postmodern dram qeyri-standart texnika və tamaşaçıda şübhələr, düşüncələr yaradan mövzuların istifadəsində kəsişir. İohannes Birrinqerin 1991-ci ildə çap olunan "Teatr, nəzəriyyə, postmodernizm" əsərində bu məqamlara əhatəli şəkildə toxunulmuşdur. İ.Birrinqerin fikrincə, postmodern teatr özündə reallıq təsəvvürünün konvensiyalarına və sərhədlərinə uyğun olaraq necə görünməyə, nəyi görməyə hazırlıq və təfəkkür potensialının həddi kimi məqamları ehtiva edir.

Azərbaycan dramaturgiyası müxtəlif dövrləri və üslubları əhatə edən zəngin tarixi irsə malikdir. Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı və digər dramaturqların əsərləri Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamışdır. Azərbaycan dramaturgiyası dünya ədəbiyyatının, dramaturgiyasının, teatr sənətinin inkişafına mühüm töhfələr verib. Müstəqillik dövrü Azərbaycan dramaturgiyası  müxtəlif ədəbi cərəyanları, müasir mövzuları və cəmiyyətin problemlərini əks etdirərək inkişaf edir. Azərbaycan postmodernist dramaturgiyası müstəqillik dövrü ədəbiyyatının maraqlı və rəngarəng hadisəsidir. Bu dramaturgiya Qərb mədəniyyətinə xas olan postmodernizm elementlərini Azərbaycan ədəbiyyatının özünəməxsus xüsusiyyətləri və ənənələri ilə birləşdirir. Azərbaycan postmodern dramaturqları çox vaxt tamaşaçıların janr gözləntiləri ilə oynayır, metatekst üsullarından istifadə edir, həmçinin müxtəlif mədəni və tarixi kontekstlərə müraciət edirlər. Bu, onlara həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə maraq və müzakirələr yaradan unikal və orijinal əsərlər yaratmağa imkan verir. Azərbaycan postmodern dramaturgiyasının əsas imzaları Kamal Abdulla, Orxan Fikrətoğlu və İlqar Fəhmidir.

Kamal Abdullanın "Kim deyir ki, Simurq quşu var imiş", "Ruh", "Pis kişi", "Yağmurlu gecələr" və "Elə bil qorxa-qorxa", "Bir, iki - bizimki!", "Casus", "Şah İsmayıl, yaxud hamı səni sevənlər buradadır"  dram əsərləri Azərbaycan postmodern dramaturgiyasının mərkəz xəttini təşkil edən əsərlərdir. Kamal Abdullanın dramlarında postmodern poetikanın qabarıqlığı, özəlliklə dekonstruktiv və qrotesk elementlərin üstünlüyü  xüsusilə diqqəti cəlb edir. Yazıçının "Casus" və "Şah İsmayıl, yaxud hamı səni sevənlər buradadır"  dramlarına xüsusi diqqət çəkmək istərdim. Bu əsərlərin ana xətti ikili hipertekstuallıqla xarakterizə olunur. İlk qatda yazıçının  bu pyeslərində "Kitabi-Dədə Qorqud" motivlərinə və Şah İsmayıl Xətai obrazına postmodern baxış dayanır və hipertekstual əlaqə qurulur. Digər tərəfdən, bu dramlar həm də Kamal Abdullanın öz romanının - "Yarımçıq əlyazma"nın fərqli janrda hipertekstual  təzahürüdür. Kamal Abdullanın dramaturgiyasında dekonstruktiv və dekanonik elementlərin komik, qrotesk pərdə, rübənd  altında, "homer qəhqəhəsi" stilində təqdim edilməsi müəllifin ideyasının daha güclü şəkildə ifadəsinə rəvac vermişdir.    

Orxan Fikrətoğlunun dram yaradıcılığı özünəxas postmodern üslubda "TAS", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi", "Xas igidin dastanı", "İtki" və s.  pyeslərlə təmsil olunur. Ravinin nəqlində reallaşan "Xas igidin  dastanı"nın  əsas obrazı  Xas igid Səbri seçsə də,  həyat nağılının heç bir məqamında bu seçiminə sadiq qala bilmir. Həyatdan köçərkən peşman olur, yenidən doğulub ömrünü fərqli şəkildə yaşamaq istəyir və Raviyə: "Ravi, bayaqdan bəri nəql etdiyin bu yazını sən yazmamısan, bəyəm? Dəyiş də, ömrümü. Nə olar? Bir dəfə də dirilt məni!" Lakin "yazıya pozu yoxdur" və Xas igid yaşayıb anlamadığı dünyadan həsrətlə köçür. Pyesdə nağıl elementləri, postmodern təhkiyə diqqət çəkir. Pyesdə Xas igidin yolu əksliklərdən keçir: ağ-qara, tərs-düz, sağ-sol. Rast gəldiyi məkanlarda müsbət tərəfi seçdiyi üçün başına bəlalar gəlir. Pyesdə postmodern elementlərlə yanaşı, Mirzə Cəlil təsiri əsərin quruluş texnikasında, obrazların simvolik-ironik çalarlı monoloqlarında izlənilir.

İlqar Fəhminin "Mənəm mən...", "Dərvişin qeydləri", "Qaçağan", "Müsibəti-Fəxrəddin" kimi dramlarında postmodern poetikanın elementləri üstünlük təşkil edir. Yazıçının "Mənəm mən..." pyesi Nəsimiyə həsr olunsa da, əsərdə ümumən hürufilik və nəsimilik tam yeni kontekstdə açılır. İlqar Fəhminin postmodern poetikanın tədqiqi baxımından maraqlı əsərlərindən biri də "Müsibəti-Fəxrəddin" pyesidir. Bu pyes yalnız Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərinin deyil, Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin də dekonstruksiyası və dekanonizasiyası üzərində qurulub.

Azərbaycan postmodernizmində teatr estetikası yalnız janr kimi deyil, poetik element kimi də özünü göstərir. Bu məqamı biz İlqar Fəhminin "Akvarium" romanında izləyirik. Yazıçı əsəri "teatral roman" altbaşlığı və mesajı ilə oxucuya təqdim edir. Teatral roman istilahı bu romana yalnız teatrdan bəhs etdiyi, teatr temasını işıqlandırdığı üçün verilməyib. Romanın özündə də poetik element səviyyəsində teatrallıq mövcuddur. Əsərin qəhrəmanı Sahib premyeraya gələn 124 tamaşaçını 124 kitaba bənzədir: Sahibin oxuduğu "kitablar"ı əslində oxumadığını, sətirlər arasındakı işarələrdən bixəbər olduğunu onun ömründən keçən insanları əslində tam, bütün yönləri ilə, gizli yaşantıları ilə tanımamasını göstərir. Bu ilkin qat, ilkin mənadır. Lakin burada postmodernin daha bir elementini, simvolunu görürük - kitab. Kitab və onun ilkin variantı olan əlyazma həm arxetip, həm də simvol kimi postmodern mətnlərin bir çoxunda rast gəlinən bir məqamdır. Azərbaycan postmodernist ədəbiyyatında bu obraz, arxetip, motiv özəlliklə xüsusi işlənmə tezliyi ilə seçilir. Kitab poetik, semantik element, obraz kimi postmodern əsərin strukturuna həm əşya, həm də ümumən məkan kontekstində daxil ola bilər. Bəzi postmodern əsərlərdə bir kitabın, əlyazmanın taleyi işıqlandırılır, bəzilərində isə ümumən kitabxana, qiraətxana, arxiv kimi məkanlar əsas götürülür. Daha qədim dövrlərdə kitab dünyanın, insanın simvolu kimi götürülürdü və əsas qayə məhz bu "kitab"ların sirrini çözələmək idi. "Akvarium"un qəhrəmanı Sahibin də insan=kitab düşüncəsi məhz bu məqamla bağlıdır. Mövlana Cəlaləddin Ruminin kəlamlarında da tez-tez rast gəlinən "kitab" obrazı da, məhz insanı simvollaşdırmaq, tərif və təqdim etmək üçün istifadə edilir.

Ümumiyyətlə, postmodern mövcudiyyətin əsas elementlərindən biri məhz teatrallıqdır. Bu xüsusiyyət müasir həyatın ədəbi, mədəni, sosioloji, fəlsəfi qatlarında təkzibedilməz bir fakt kimi özünü göstərir. Bu postmodern məqam dramatiklikdən daha çox maskarad, karnaval, şou kimi postmodern zamanda, eləcə də mətndə təzahür edir. Vilyam Şekspirin "Bütün dünya teatrdır" kəlamı postmodern dövrün zaman və mətn estetikasında tam fərqli məna və transformasiyalar qazanır və beləliklə, performans, vizual effektlər yalnız səhnə, şou kontekstində deyil, mətn səviyyəsində də önə keçir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!