Ədəbiyyatın tarixi missiyası - Sənan Hüseynov

 

 

 

 

Ədəbiyyatın həyatın və cəmiyyətin yaşamını, istək və arzularını bədii şəkildə əks etdirməsinə bütün zamanlarda başlıca zərurət olub. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir... Ədəbiyyatımız və mədəniyyətimiz milli varlığımız və sərvətimizdir".

Orası da var ki, milli sərvətimiz və varlığımız olan ədəbiyyatımızın yolu heç də həmişə hamar olmayıb. Bu yolu Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Bəkir Çobanzadə, Almas İldırım kimi görkəmli sənətkarlarımızın sürgünlə, ölümlə, xəyal qırıqlıqları ilə müşayiət olunan, təəssüf dolu həyat gerçəklikləri izləyir. Tarixin müxtəlif dönəmlərində ədəbiyyat müstəvisinin sağı-solu böyük sənətkarlarımıza qucaq açan haqsız təhdidlər uçurumuyla çevrələnib. Böyük şairimiz Hüseyn Cavidin təbirincə desək, ədəbiyyat sahəsində rəqsi axsaqların təlim etdikləri zamanlar olub. Donos, qarayaxma xaosu yaşanıb, qatığa "qara" demək çarəsizliyi həyat gerçəkliyinə dönüb. Amma əsas olan odur ki, xalq iradəsinin, arzu və istəyinin ifadəçisi olan milli ədəbiyyatımız bu repressiya sınağına qarşı həmişə ləyaqətlə dözüm gətirib. Haqqın yanında olub. Millətimizin milli ruhunun davamlı ifadəçisi kimi tarixi missiyasını ləyaqətlə yerinə yetirib. O qorxunc illərdə xalqın qəlbində abidələşən sənətkarlarımızın bu gün abad küçə və meydanlarımızda ucaldılan abidələri ötən əsrin 30-40-cı illərində tüğyan edən "Parçala, hökm sür!" siyasətinə acı ironiyadır.

Ulu öndərin ədəbiyyatımızın, ümumən, mədəniyyətimizin inkişafına göstərdiyi hərtərəfli diqqət və qayğı bu gün də dövlət səviyyəsində uğurla davam etdirilir. Çünki ədəbiyyat xalqın qan yaddaşının, milli kimlik anlayışının odqoruyanıdır. O, şəxsiyyəti, vətəndaş duyğularını, dünyagörüşünü tərbiyə edir. Həyata baxışına yeni məna qatır; düşüncələrini cilalayır, vətənçilik dərsi verir. Ədəbiyyat, ilk növbədə, paklıq sahəsidir. Mübahisəsiz həqiqətdir ki, bizim böyük Zəfər günümüzün qələbəyə aparan yolu, ilk növbədə, ədəbiyyatımızdan, onun aşıladığı yüksək qəhrəmanlıq, vətənpərvərlik duyğularından keçir. Ədəbiyyat xalqın və ilk növbədə, fərdin özünü-özünə tanıdır, onun azadlıq, müstəqillik düşüncələrinə xüsusi stimul verir. Çağdaş nəsil həm də N.Gəncəvinin "İsgəndərnamə", M.S.Ordubadinin "Qılınc və qələm", Süleyman Rəhimovun "Mehman", İsmayıl Şıxlının "Dəli Kür", İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan", Elçinin "Baş" əsərlərinin aşıladığı, təbliğ etdiyi dəyərlərlə yetişib. Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Söhrab Tahirin, X.R.Ulutürkün, Məmməd İsmayılın, Sabir Rüstəmxanlının və bu sıradan olan sənətkarların əsərlərini əsl vətənçilik dərsi kimi qəbul edib. Bu tendensiya ədəbiyyatımızın başlıca qayəsidir. Xalq həm də öz ədəbiyyatının yetirməsidir. Oxumaq, dərk etmək və qiymətləndirmək borcumuz var...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!