Dost var, düşmən var... - Məti OSMANOĞLU

Məti OSMANOĞLU

Azərbaycanın tarixində XIX əsrin ilk yarısı o qədər mürəkkəb və qarışıqdır ki, bəzən bu qarışıqlığın içindən nəyin xeyir, nəyin şər, nəyin yaxşı, nəyin pis, kimin dost, kimin düşmən olduğunu seçmək çox çətin olur və çətinliyin bir ucu da zehniyyətimizdə "daşlaşmış", klişelərə çevrilmiş yanlış təsəvvürlərdən gəlir. Yanlış təsəvvürlər ədəbiyyatın tarixinə münasibətdə də öz ağır ətalətini saxlayır və miras kimi nəsildən-nəslə ötürülür. 

Təhriflərin başlıca qaynaqlarından biri o dövrün hadisələrinin uzun zaman Rusiya imperiyasının mövqeyindən qiymətləndirilməsi olub və çox təəssüf ki, həmin ənənə bir çox hallarda və bir sıra səbəblərdən, bəzən şüurlu, bəzən də şüursuz şəkildə indiyə qədər davam etdirilməkdədir.

Azərbaycan toplumunun yanlış təsəvvürlərinin hədəfinə düşən şəxsiyyətlərdən biri alman alimi, professor Fridrix fon Bodenştedtdir. Öz ölkəsində alimlikdən əlavə, şair və tərcüməçi kimi də məşhur olan F.Bodenştedti, biz Mirzə Şəfi Vazehin əsərlərini Tiflisdən Almaniyaya aparan, orada nəşr etdirib öz adına çıxaran şeir oğrusu kimi tanıyırıq (söhbətin konkret hansı şeirin oğurlanmasından getdiyini isə hələ heç kəs faktla, dəlillə, sübutla ortaya qoymayıb)...

Bu yazıda mən F.Bodenştedtin şeir və tərcümə yaradıcılığından bəhs etməyəcəyəm, onun Qafqaza gəlişi və buradakı fəaliyyəti ilə bağlı indiyədək əhəmiyyət vermədiyimiz, yaxud əhəmiyyət vermək istəmədiyimiz bəzi məqamlara toxunmağa çalışacağam.

F.Bodenştedt Qafqaza Rusiyanın o dövr üçün ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Tiflis gimnaziyasının direktoru kimi gəlmişdi (ya da  gətirilmişdi). O vaxt bu vəzifəni daşıyan adam Qafqazda dövlətin açdığı bütün rus məktəblərinin rəhbəri sayılırdı. Məsələyə bu mövqedən yanaşsaq, F.Bodenştedt ilə ona Azərbaycan və fars dillərini öyrədən, klassik Şərq şeirini sevdirən Mirzə Şəfi arasında direktor - müəllim əlaqəsinin olduğunu gərək nəzərdən qaçırtmayaq. Mirzə Şəfi Tiflis gimnaziyasına Azərbaycan dili müəllimi vəzifəsinə də F.Bodenştedtin tövsiyəsi ilə qəbul edilmişdi və Mirzə Şəfi burada işləyərkən dilimizin ilk dərsliklərindən birinin - "Kitabi-türki" ("Türk dili kitabı") müntəxəbatının hazırlanmasında iştirak etmişdi.

Dilləri öyrənmək sahəsində yüksək qabiliyyət sahibi olan F.Bodenştedt Tiflisdə olarkən Azərbaycan və fars dillərini (təkrar vurğulayaq ki, Mirzə Şəfi Vazehin köməyi ilə), eləcə də gürcü və erməni dillərini öyrənmişdi və Qafqazın müsəlman xalqlarının Rusiyaya qarşı müqavimət hərəkatı ilə bağlı araşdırma aparmışdı. 1847-ci ildə Almaniyaya qayıdandan sonra ilk işlərindən biri "Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi" ("Die Völker des Kaukasus und ihre Freiheitskämpfe gegen die Russen")  kitabını yazmaq olmuş və 600 səhifəyə yaxın kitabı 1848-ci ildə Frankfurtda nəşr etdirmişdi. Onu da qeyd edək ki, tezliklə populyarlıq qazanan həmin kitab sonradan Almaniyada bir neçə dəfə nəşr olundu, 1855-ci ildə isə Rusiya imperiyasında çar sarayının məxfi mətbəəsində çap etdirildi.

Müəllifin özünün "Şərqin ən yeni tarixinə töhfə" kimi təqdim etdiyi, bölmələrindən biri Azərbaycanın sufi mütəfəkkiri kürdəmirli Hacı İsmayıl Əfəndi Şirvaniyə həsr olunuş "Qafqaz xalqları..." kitabı Azərbaycanın tarixini öyrənmək, mühüm hadisələri yenidən qiymətləndirmək baxımından müstəsna əhəmiyyət daşıyır. F.Bodenştedt kitabın giriş hissəsində Rusiyanın Qafqazda on illər ərzində apardığı "sonu görünməyən qanlı müharibəni" ədalətsiz hesab etdiyini, bu müharibədə Rusiyanın qələbə qazana bilməyəcəyini vurğulayır, zaman keçdikcə müharibə atəşinin yenidən alovlanacağını və əsr boyunca davam edəcəyini yazırdı. (Tarix F.Bodenştedtin təxmin etdiyi zaman hüdudunu arxada qoydu - artıq üçüncü əsrdir ki, Qafqazdakı yanğın sönməyib...) 

F.Bodenştedt oxucuların diqqətini işğalçı Rusiyanın öz məqsədlərinə çatmaq üçün Qafqaz xalqları arasına ixtilaf saldığına, bu xalqları bir-birinin üstünə qaldırdığına yönəldirdi. O, mülahizələrinə aydınlıq gətirmək üçün 1816-cı ildən 1827-ci ilə qədər "Qafqazın sərdarı" olmuş Aleksey Petroviç Yermolovun yürütdüyü siyasətin iç üzünü açmağa çalışırdı. Qeyd edirdi ki, general Yermolov ayrı-ayrı tayfalar arasında gah dini ixtilaf yaratmaq, gah qan qisasını alovlandırmaq, gah da düşmənçiliyi qızışdırmaqla regiondakı qarışıq vəziyyətdən Rusiyanın maraqlarına uyğun şəkildə ustalıqla istifadə edə bilib və elə bir nüfuz qazanıb ki, Dağıstan və Qafqazın digər  xalqları arasında nə ondan əvvəl, nə də ondan sonra bunu etmək heç kəsə müyəssər olmayıb.

"O, fəth edilmiş tayfalara qarşı könül alıcı bir mülayimliklə, düşmən tayfalara qarşı isə əksinə, qəddarlıq həddinə çatan sərtliklə rəftar edirdi. Təpədən dırnağa rus olan Yermolov öz vətəninin şöhrətindən vəcdə gələrək Rusiyaya xeyir gətirən hər bir vasitəni müqəddəs hesab edirdi. O, düşmən tayfalar arasında ixtilaf məşəli atdı və nisbətən zəif tayfaları güclülərə qarşı qaldırdı ki, zəifi özünə borclu, güclünü isə tabe etsin..."

Çox təəssüflər olsun ki, bu mənfur siyasətin hədəflərindən və vasitələrindən biri də Rusiya imperiyasının "tatar" adlandırdığı Azərbaycan türkləri idi. Qafqazda xristian və müsəlman xalqları arasında kəskin ayrı-seçkilik siyasəti yürüdən Rusiya imperiyası Azərbaycan türklərindən digər müsəlman xalqlara qarşı apardığı işğalçılıq müharibəsində (eləcə də Rusiya-Osmanlı müharibəsində) istifadə edirdi...

1863-cü ildə Peterburqda "General-leytenant knyaz Mədətovun həyatı" adlı kitab nəşr olunub (Mənim istinad etdiyim həmin kitabın üçüncü, 1874-cü il nəşridir). Kitabda general Mədətovun Şimali Qafqazda Rusiya imperiyasına qarşı çıxan xalqlara qarşı apardığı müharibənin təfərrüatlarına geniş yer verilib.

Qısaca bir şeyi diqqətə çatdırmağı zəruri sayıram ki, soyadı bizə yaxın görünən Valerian Qriqoryeviç Mədətov Şuşa yaxınlığındakı Çanaxçı kəndində doğulmuş ermənidir. Rusiya ordusunda yetişdirilərək "general-leytenant" rütbəsi almışdı. XIX əsrin əvvəllərində Rusiyanın Osmanlı ilə apardığı müharibələrdə fərqləndiyinə görə çar tərəfindən dəfələrlə mükafatlandırılmışdı. Türk düşmənliyi qanına yeridilmiş Mədətov 1817-ci ildə çarın fərmanı ilə Qafqazda Qarabağ, Şəki və Şirvan xanlıqlarını əhatə edən ərazi üzrə hərbi dairənin rəisi vəzifəsinə təyin edilmişdi.

F.Bodenştedtin Rusiya imperiyasının öz məkrli siyasətini həyata keçirmək üçün Qafqazın müsəlman xalqları arasında ixtilaf salması, bu xalqları bir-birinin üstünə qaldırması ilə bağlı mülahizələrini təsdiqləyən dəlillər Mədətovun həyatından bəhs edən kitabda kifayət qədərdir. Azərbaycan dilini bilən, adət-ənənələrimizə, etnik psixologiyamıza bələd olan knyaz Mədətovun Azərbaycan xanlıqlarına nəzarət edən rus hərbi qüvvələrinə komandan təyin olunması təsadüf deyildi. Kitab boyu rus ordusuna cəlb edilmiş azərbaycanlılardan digər müsəlman xalqlara qarşı "məharətlə istifadə olunduğu" vurğulanır. 

"Avqustun əvvəlində İstelər kəndində iki piyada batalyonundan, artilleriya rotasından, 300 kazakdan, eləcə də vilayət rəisi general-mayor knyaz Mədətovun Qarabağ, Şirvan və Şəkidən öz dindaşlarına qarşı başladılan yürüşə cəlb etdiyi 650  atlıdan ibarət kiçik qoşun bölüyü bir araya gətirildi..."

Burada barəsində bəhs edilən hadisə 1919-cu ilin avqustunda olub. Kitabın başqa bir yerində isə knyaz Mədətovun Qazı-Kumık hökmdarı Surxay xanın üstünə Qarabağdan 500, Şirvandan 400, Şəkidən 300 atlı ilə getdiyi qeyd olunub...

Yermolov üçün Mədətovun azərbaycanlıları hərbi əməliyyatlara cəlb etməsi, F.Bodenştedtin də müşahidə etdiyi kimi, Rusiya imperiyasının əvvəlcədən düşünülmüş strateji planının tərkib hissəsi idi, Qafqazda yürüdülən dövlət siyasətinin özəyini təşkil edirdi. Yermolovun Mədətova göndərdiyi 22 avqust 1819-cu il tarixli məktubda bu, açıq şəkildə ifadə olunub: "Tatarların (Azərbaycan türkləri nəzərdə tutulur - M.O.) sənin komandanlığın altında cəsarətlə xidmət etdiklərinə necə heyran olduğumu təsəvvür edə bilməzsən. Bütün bunlar barədə İmperatora raport yazacağam və əminəm ki, o, çox razı qalacaq."

Kitabda üsyançı qüvvələrin döyüşlərdə general Mədətovun başçılıq etdiyi Azərbaycan türklərindən (o vaxtın rəsmi termini ilə "tatarlardan") ibarət atlı əsgərlər tərəfindən məğlub edildiyi barədə faktlar sadalanır. Maraq doğuran məqamlardan biri də Rusiya imperatoru çar I Aleksandrın Yermolovun raportu əsasında general Mədətovu ordenlə təltif etməsidir.

Rusiya çarı I Aleksandr, Yermolovun əvvəlcədən əmin olduğu kimi, knyaz Mədətovun fəaliyyətindən razı qalmış və onu ali dövlət mükafatına layiq görmüşdü. Çarın knyaz Mədətovun birinci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunması barədə 31 oktyabr 1819-cu il tarixli məktubunda onun bu ali mükafata "Tabasaran vilayətinin fəthi zamanı göstərdiyi mükəmməl xidmət,  yorulmaz fəaliyyət" ilə yanaşı, "müsəlmanlardan öz dindaşlarına qarşı məharətlə istifadə etməsi" də ayrıca qeyd edilmişdi...

Çox təəssüflər olsun ki, tariximizin gövdəsində partladılmış dinamitin qəlpələri milli yaddaşın ən üzüyola və həssas daşıyıcısı olan ədəbiyyata da sıçrayıb və bugünkü vəzifələrimizdən biri ədəbiyyat tariximizi həmin partlayışın dağıntılardan təmizləmək olmalıdır ki, yeni "partlayışlar" baş verməsin, milli yaddaşımız yeni zədələr almasın...

Knyaz Mədətovun hərbi süvari alayına cəlb etdiyi əsgərlərdən biri məşhur şairimiz, sonradan həyatında böyük mənəvi sarsıntılarla, fərdi faciələrlə üzləşmiş Qasım bəy Zakir olub. Qasım bəyin bir süvari əsgər kimi döyüş təcrübəsinin bəzi təfərrüatları şairin öz qohumu və müasiri Baba bəy Şakirə müraciətlə yazdığı, ədəbiyyatda "Car müqəddiməsi" kimi xatırlanan mənzum məktubda nəzm dilinin imkan verdiyi səviyyədə əks olunub. Əslində, tarixin yaralı xatirələrini oyatmamaq naminə bu şeirin üstündən sükutla keçmək, bəlkə də, daha məqsədəuyğun olardı. Ancaq həm bu şeir haqqında, həm də Rusiya imperiyasının Qafqazda təşkil etdiyi azərbaycanlı atlı dəstələrinin tariximizdəki yeri barədə yanlış təsəvvürün hələ də zehinlərdən silinməməsi, Rusiyanın Qafqazda aparmış olduğu hərbi əməliyyatlar ilə bağlı Azərbaycanın bugünkü dövlətçilik doktrinasının müddəalarına, milli maraqlarımıza zidd olan ziyanlı mülahizələrin meydan sulaması bəzi məqamlara aydınlıq gətirilməsini, bəzi mətləblərin xırdalanmasını tələb edir. 

Hələ də Zakirin tərcümeyi-halında şairin Mədətovun başçılığı ilə girdiyi döyüşlərdə göstərdiyi igidliyə görə "Rusiya çarının 1828-ci il 15 mart tarixli əmrinə əsasən, gümüş medalla təltif olunduğu" müsbət bir hadisə kimi təqdim olunur. Uşaq kitabxanası əməkdaşlarının tərtib etdiyi biblioqrafik göstəricilər kitabında Zakirin "1830-cu ildə könüllü polis dəstələrinin tərkibində Balakənə getdiyi, Cardakı üsyanların yatırılmasında iştirak etdiyi" fəxrlə qeyd olunur. Təəccüb doğuran isə biblioqrafiya tərtibçilərinin Rusiya ordusunun Azərbaycan əhalisinə qarşı törətdiyi qanlı qırğını, bu faciəni bizim öz əlimizlə yerinə yetirdiyini uşaqlara rəğbət doğuran bir hadisə - igidlik və şücaət kimi təqdim etmələridir. Kitabdakı təqdimata əsasən, Zakir "...dostu Baba bəy Şakirə göndərdiyi "Car müqəddiməsi" adlı mənzum məktubunda Qarabağ atlılarının döyüşdə göstərdiyi igidlikləri tərifləmiş, özünün şücaəti haqqında yazmışdır..."

Qeyd edək ki, bu mülahizə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sosial şəbəkə vasitəsilə yaydığı paylaşımdan olduğu kimi köçürülüb. Düzü, bunu xatırlatmaqda məqsədim plagiat axtarmaq, "oğru tutmaq" deyil. Əminəm ki, son vaxtlar bu şeirə istinad edənlərin əksəriyyəti ya onu oxumayıblar, ya da oxuyublarsa, başa düşməyiblər. Qasım bəy Zakirin "Car müqəddiməsi" tariximizin qanayan yarasıdır. Bu şeir Rusiya imperiyasının Qafqaz siyasəti ilə bağlı F.Bodenştedtin dediklərini - imperiyanın Qafqaz xalqlarını bir-birinin üstünə qaldırdığı barədə mülahizələrini əyaniləşdirən, göz önünə sərən poetik illüstrasiyadır. Şeirdə rus ordusunun polkovniki Aleksandr Mixayloviç Miklaşevskinin komandanlığı ilə Qarabağ atlılarının rus əsarətinə tabe olmayan Car-Balakən camaatının üstünə yeridildiyi, qoşunla yerli əhali arasında gedən qanlı döyüş və döyüşün sonunda müqavimətin qırıldığı, yerli əhalinin evlərinin talan edildiyi göstərilir. Şeirin bir hissəsi isə mədhiyyədir - burada rus ordusunun polkovniki A.M.Miklaşevskinin döyüşdəki "şücaəti" tərənnüm edilir: 

 

Miqlaçevski olub pişcəng, 

Canibi-meydanə sürdü bidirəng,

Yeridi topxana, atıldı tüfəng, 

Göy üzü tutuldu, tirə-tar oldu...

 

Bu misraların məzmunu belədir ki, döyüşə öndə gedən Miklaşevski atını dayanmadan meydana tərəf sürür. Onun arxasınca toplar yeriyir, tüfənglər atılır və göyün üzü tutulub qaranlıqlaşır. Növbəti bənddə Qasım bəy Zakir indiyə qədər dünyaya Miklaşevskiyə bərabər bir sərkərdə gəlmədiyini, onun döyüş meydanında mifik Rüstəm pəhləvana bərabər hünər göstərdiyini yazır. Sonra da əlavə edir ki, buraya indiyədək ayaq basan padişahlar Car vilayətini fəth eləyə bilməmiş, buradan əliboş qayıtmışdılar. Buranı fəth edən təkcə Nadir şah olmuşdu, indi də A.M.Miklaşevskidir. Qasım bəy Zakir məktubda A.M.Miklaşevskini mədh etməklə kifayətlənmir, özünün onun qarşısında mənəvi təbəəliyini də etiraf edir, onu "sahibim" adlandırır: 

 

Neçə padişəhlər gəlib getmişdi, 

Vilayəti-Cardan kənar ötmüşdi;

Bu fəthi bir dəfə Nadir etmişdi, 

Bir də sahibimdən yadigar oldu.

 

Qeyd edək ki, Qasım bəy Zakirin "sahibim" dediyi polkovnik A.M.Miklaşevski Qafqaza 1826-cı ildə göndərilmişdi. Hərbçi kimi Rusiya-İran və Rusiya-Osmanlı müharibələrində, eləcə də Yermolovun, Paskeviçin və Mədətovun Rusiya imperiyasına tabe olmaq istəməyən yerli əhaliyə qarşı keçirdiyi hərbi əməliyyatlarda yaxından iştirak etmişdi. 1829-cu ildən yeger alayının komandiri təyin olunmuşdu və əsas işi Rusiyaya tabe olmaq istəməyən Qafqaz müsəlmanlarına qarşı müharibə aparmaq idi.

A.M.Miklaşevskinin Qafqazdakı hərbi fəaliyyəti barədə rus yazıçısı Bestujev-Marlinskinin "Dağıstandan məktublar" adlı əsərində də geniş bəhs olunub. "Məktublar"da da yerli əhalinin, o cümlədən azərbaycanlıların "qara polkovnik" adlandırdıqları A.M.Miklaşevski ilə yanaşı, könüllü süvarilərdən ibarət müsəlman alayının öz dindaşlarına qarşı döyüşlərdə iştirak etdiyi bildirilir. Bestujev-Marlinskinin mövqeyində də F.Bodenştedtin müşahidə etdiyi siyasi oyunun var gücü ilə işlədiyi aşkar görünür: imperiya Qafqazın bir xalqının atlılarını o biri xalqının üstünə göndərməklə onların arasında ixtilaf ocağı qalayır və Qafqazı yanğın yerinə çevirirdi...  

Bütün bunlar yaşanmış tarixdir və nə ondan imtina etmək, nə də onu geri çevirmək, təzədən yaşamaq mümkündür. Olanlar olub. Keçmişdə baş verənlərə görə Qasım bəyi ittiham etmək də mənasız olardı və mənim qətiyyən belə bir niyyətim yoxdur. Qasım bəy bütün ziddiyyətləri, savab və günahları ilə öz dövrünün övladı olub. Ancaq XIX əsrin başlanğıcında olmuşları iki əsrdən sonra - XXI əsrdə o dövrün (elə bu dövrün də!) Rusiya imperiyasının baxış bucağından oxumaq, imperiyanın mövqeyindən qiymətləndirmək nəinki düzgün deyil, həm də öz dövlətçilik mənafeyimiz baxımından zərərlidir və məni bu mövzunu gündəliyə gətirməyə vadar eləyən də budur.

Qasım bəyin həyatından bəhs edən yazıların əksəriyyətində şairin süvari alayındakı hərbi fəaliyyətinə hələ də yanlış mövqedən yanaşılır. Bu cür yazılardan birində XIX əsrdə Tiflisdə nəşr olunan "Qafqaz" qəzetinə istinad edilərək şairin dağıstanlılara qarşı Miklaşevskinin komandanlığı ilə hərbi əməliyyatlarda iştirak etdiyi fəxrlə yada salınır: "Qasım bəy Zakir milisdə xidmət edib. O, şəxsən cəsur olaraq xüsusilə polkovnik Miklaşevskinin rəhbərliyi altında Car ləzgilərinə qarşı ekspedisiyada fərqlənmişdir..." (Bax: https://paralel.az/az/article/444391)

Buradakı yazı savadının səviyyəsini qiymətləndirməyi müəllifin və nəşr redaktorunun öhdəsinə buraxıb, onlardan Miklaşevskinin harada və kimə qarşı "ekspedisiya" keçirdiyinə bir daha diqqət yetirmələrini tövsiyə edirəm.

Qarabağ atlılarının Balakənə döyüşə gətirilməsində üstündən keçilməsi mümkün olmayan bir incə məqam da var. Azərbaycana ruslar gələnə qədər Qarabağ xanlığının və əhalisinin ən yaxın müttəfiqi Balakən camaatı idi. İran hökmdarı Ağa Məhəmməd şah Qacar Qarabağa qoşun yeridəndə, burada qanlı qırğınlar törədəndə İbrahim xan (Qasım bəy də İbrahim xanın nəslindəndir) ailəsini və yaxınlarını götürüb, Şuşadan Balakənə pənah aparmışdı. Balakən üsyançılarının üstünə Qarabağ atlılarını göndərən Rusiya imperiyasının tarixi yaddaşın bu işığını söndürmək məqsədi güddüyünü istisna etmək sadəlövhlük olardı. Miklaşevski Qarabağ atlılarını həm də yaddaşın işığını söndürməyə, dostu düşmənə çevirməyə cəlb eləmişdi. "Dostun düşmənə çevrildiyi" Qasım bəyin "Car müqəddiməsi"ni ünvanladığı Baba bəy Şakirin Gəncüm ağa Markar oğlu Xandəmirova - Rusiya hökumətinin Qarabağa təyin etdiyi erməni divanbəyiyə ünvanladığı mənzum məktubda da dilə gətirilmişdi: 

 

Olub düşməni-can həqiqi dostlar, 

Ehtiyatən hərə bir yabı bəslər,

O sən görən mallı-dövlətli kəslər

Möhtac olub bir dinara, ərz elə!

 

Ciddi elmi araşdırmalar jurnalında nəşr edilmiş hərb mövzusunun bədii ədəbiyyatda ifadəsi barədə məqalədə isə "Car müqəddiməsi" şeirinə qəribə bir şərh verilir: guya Qasım bəy şeirdə Miklaşevskiyə kinayə edirmiş: "Zakir "Car müqəddiməsi" şeirində maraqlı bir məqama da toxunur: o, Şuşada ikən tanış olub dostlaşdığı, Car-Balakəndə ləzgilərin üsyanını yatırmaq üçün göndərilən hissələrə komandanlıq etmiş Miklaşevskinin də adını çəkir. Şair 1829-1831-ci illərdə Şuşa müsəlman əyalətinin rəisi, 42-ci Yeqor  polkunun (hərbi terminin dəqiqləşdirilməsinə ehtiyac olduğunu düşünürəm - "yeger polku" yazılmalı idi - M.O.) komandiri olmuş Miklaşevskini kinayə ilə "bahadiri-dövran", "Rüstəmi-dastan", "badi-şimal" adlandırır." (Bax: Güllü Xəlilova. XIX əsr Azərbaycan şeirində hərb mövzusu"// "Risalə" elmi araşdırmalar jurnalı, 2019, №2, səh.170).

Şeirdə başqa insanlarla, döyüşdə məğlub olan üsyançılarla bağlı kinayəli ifadələr tapmaq mümkündür, ancaq Zakirin "badi-şimal" - şimal küləyi adlandırdığı Miklaşevskiyə mübaliğəli rəğbətini görməmək heç cür mümkün deyildir və elmi araşdırma müəllifinin kinayədən bəhs edərkən nəyi nəzərdə tutduğu qaranlıq qalır. Onu da qeyd edim ki, "Car müqəddiməsi"ndə kinayəyə nümunə tapmaq o qədər də çətin deyil. Məktubda Qarabağdan Balakənə aparılan atlılar arasında Şirin adlı bir nəfərdən də bəhs edilir. Məlum olur ki, kökü erməni olan Şirinin babası sonradan dinə gəlib:

 

Ərz edəndə baxa idin Şirinə, 

Yüz ildir babası gəlibdir dinə; 

Yanlış danışar düşəndə yenə, 

Bir kəs ki, binadən Vartazar oldu.

 

Bu, artıq Qasım bəyin və onu yetişdirən psixoloji mühitin "binadan Vartazar olanlara" münasibətinin siyasətə bulaşmamış, təbəəliyi qəbul etməmiş ifadəsidir və Puşkinin "Tazit" poemasının çeçen qəhrəmanının ata yolundan çıxıb ruslara meyl edən oğluna dediyi sözlərlə səsləşir:

 

Rədd ol, daha mənim oğlum deyilsən,

Çeçen də deyilsən, qoca arvadsan,

Qorxaqsan, köləsən, sən ermənisən... 

 

Burada biz Puşkinin çeçen qəhrəmanının - Rusiya imperiyasının müharibə apardığı və müsəlman dindaşları ilə döyüşdürüb düşmən eləməyə çalışdığı insanın ermənilərə münasibəti ilə Qasım bəyin münasibətinin üst-üstə düşdüyünü görürük...

"Car müqəddiməsi"ndə isə Miklaşevski ovunun üstünə şığıyan alıcı quş, rusların təbəəliyini qəbul etmək istəməyən köhnə dostlar isə "düşmən"  kimi təqdim olunur. Şair Miklaşevskinin döyüşdən sağ çıxdığına, ona "Yaradanın yar olduğuna" şükür edir. Kinayəsiz-filansız: 

 

Alıcı quş kimi özün toxudu, 

Çünki düşmən müqabildə çox idi; 

Sağlığına ümidimiz yox idi, 

Həqq saxladı, Yaradanı yar oldu...

 

O qanlı illərdə, amansız döyüşlərin tüstüsü, dumanı içində Yaradanın yar olmadığı müsəlman xalqları oldu. Sonunda Rusiya Qafqazın bütün xalqlarını öz siyasi əsarətinə tabe eləməyi bacardı.

Qasım bəyi də Yaradan yarı yolda qoydu, bir məkana çatdırmadı. Şair dostu general Mədətovdan deyil, uca Yaradandan imdad diləməli oldu: 

 

Dost yolunda, cəfa cəkdim, can üzdüm,

Yetişmədim bir məkana, ay mədəd...

 

Yaradanı heç A.M.Miklaşevskiyə də yar olmadı. "Qara polkovnik" 1831-ci ilin dekabrında Dağıstanda rusların Ağacqalaya hücumu zamanı öldürüldü və cənazəsi döyüş meydanından Qarabağa gətirilərək, Şuşa qalasında dəfn edildi. Tərcümeyi-halına aid sənədlərdə məzarının itdiyi göstərilir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!